İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yasmin Hüsəri qiraət və tərtil ilə tilavət səmasının parlaq ulduzlarından biri olan Şeyx Mahmud Xəlil Hüsərinin qızıdır. O, atası barədə danışarkən vurğuladı: Mərhum atam çox səbirli və təvazökar idi. Həmişə Qurani-Kərimin ülvi maarifindən və din təlimlərindən qaynaqlanan bir həyat tərzi yaşamağa üstünlük verirdi və bu barədə təkidlə tövsiyə edirdi.
O əlavə etdi: Atam həm də çox zəhmətkeş insan idi. Çoxlu sədəqə verər və bunu yaşatmağımızı istəyirdi. Sədəqə verərkən bunu çox təvazökarlıqla edərdi.
Xanım Yasmin deyir: Atam övladlarını çox sevirdi. Həmişə bizə nəsihət və moziə edərdi. Quran ədəbi və əxlaqı ilə zinətlənməyimizi istəyirdi. Buna görə də Quran və sünnənin hökmlərini bizə öyrədirdi. Bizi Quran oxumağa həvəsləndirirdi. Atamın zəhmətləri sayəsində və Allahın lütfi ilə biz hamımız Quran hafizi olduq.
Həqiqətə çevirilən YUXU
Atamın atası, yəni babam, yuxuda görmüşdü ki, belində böyük üzüm ağacı çıxıb. Və camaat uzaqdan və yaxından gəlib bu üzüm ağacının meyvəsindən yeyirlər. Babam bu yuxunun yozumu üçün "müəbbir"lərə (yuxu təbirçisi, yuxu yozan) müraciət edir. Yuxu yozanlar deyirlər ki, əgər evdə balaca övladın varsa, ona Quranı əzbərlətdir. Sən bu uşağın hesabına Qiyamətədək xeyir və savab qazanacaqsan. Buna görə də babam evin ən kiçik uşağı olan atamı Quran hifzi dərslərinə yönəldir.
Yasmin Hüsəri vurğulayır: Atam həmişə bizə vəsiyyət edirdi ki, Quran yaşam tərzidir, təkcə hifz etmək və əzbərləmək üçün deyil və biz gərək ona əməl edək. Gərək əxlaqımız Quran təlimlərinə uyğun olsun.
O, atasının "hüsəri" ləqəbi ilə məşhurlaşması barədə deyir: Atamın məşğuliyyətlərindən biri də məscid və məclisləri "həsir" ilə döşəmək idi. Buna görə də atama "hüsəri" deyirdilər.
Qeyd edək ki, Şeyx Mahmud Hüsəri İslam dünyasının məşhur qarilərindən biridir. O, 1917-ci ildə Misrin Ğəribiyyə əyalətinin Tənta şəhərinin "Şübra-Nəmlə" kəndində anadan olmuşdur. 8 yaşında ikən Qurani-Kərimi hifz edib. Quran tilavəti Misr radiosundan yayılan ilk qaridir. Həmçinin Amerikada Ağ Evin konqresində Quran tilavət edən ilk şəxsdir.
Bütün ömrünü Qurani-Kəriminn tilavətinə və tədrisinə həsr edən Şeyx Mahmud Hüsəri 63 yaşında vəfat etdi. Vəfatından öncə vəsiyyət etmişdi ki, sərvətinin üçdən birini xeyriyyə işləri, yetimlərə kömək və uşaqların Quran hifzi üçün xərcləsinlər.