IQNA

Asanlıq vəd edən çətinliklər

11:45 - September 26, 2022
Xəbər sayı: 3492983
İnsan həyatı boyu, əvvəldən başladığı və sonu olan yolda çoxlu çətinlikləri dərk edir və keçir. Bir çox mütəfəkkirlər insanların nə üçün əziyyət çəkdiklərindən bəhs etmişlər. Lakin ilahi qanunlara görə, çətinliklər asanlıq və rahatlıq vəd edir.

İnsanlar qısa dünyəvi həyatı boyunca çoxlu və müxtəlif növ müsibətlər, sıxıntılar və əzablarla qarşılaşırlar. Çünki Allah insanı əzab və çətinliklə yaratmışdır: “Biz insanı məşəqqətdə yaratdıq!” (Bələd, 4).

Bu çətinlik insanın istedadlarını yetişdirmək və inkişaf etdirməklə yanaşı, insanı yetişdirmək üçündür. Çünki bir çox kamilliklər və yüksəlişlər məşəqqət və bəlalarla üzləşmək və çətinliklərlə mübarizə aparmaqdan başqa yolla əldə edilə bilməz. İnsanda səbir, razılıq, təslimiyyət, qənaət, zahidlik, təqva və fədakarlıq kimi bir çox insani xüsusiyyətlər çətinliklərlə qarşılaşmaq sayəsində formalaşır.

Bəzi müsibətlər və problemlər insanın günahları və xətaları ucbatından onun başına gələr ki, o, bu dünyada cəza və əzaba düçar olsun, səhvini başa düşsün və onu islah etsin. Ona görə də bütün müsibətlər, problem və sıxıntılar imtahan və sınaq üçün deyil. İlahi cəzadır ki, insan  özünə gəlib doğru yolu seçsin və azğın yoldan qayıdsın.

İstənilən halda çətinlik və problemlər istər imtahan üzündən, istərsə də günahların əvəzini vermək və cəzalandırmaq üçün olsun, insan çətinliklər qarşısında rahatlıq və səbirə çata bilər. Həmçinin bu çətinliyə qalib gələ bilər. Çünki Allah hər bir çətinliyin ardınca rahatlıq və asanlıq olacağını vəd etmişdir: “Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah, 5).

Allah hər bir insanın içində problemlərlə üzləşmək qüdrətini yerləşdirmişdir. Bu insan qarşısındakı çətinliklərə qalib gəlmək və rahatlığa çatmaq üçün bu gücdən istifadə etməlidir. Çünki ilahi qanun və sünnə budur ki, hər bir çətinlikdən sonra asanlıq var.

Allah "Bəqərə" surəsinin 155-ci ayəsində buyurur:

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!".

Son dərəcə mehriban olan Allah çətinliyi və məşəqqəti insan ruhunun təkamülü üçün qoymuşdur. Qızıl odda qızdırıldıqdan sonra cilalanıb parıldadığı kimi, insan da çəkdiyi əziyyətlərə, məşəqqətlərə məna verməklə mənəvi saflıq və kamilliyə çatır. Həzrət Peyğəmbər (s) buyurur: "Məşəqqət və çətinlik heç vaxt rahatlığa qalib gələ bilməz".

3946670

captcha