IQNA

Ayətullah Sistaninin nəzərində fitrə zəkatı

15:01 - April 19, 2023
Xəbər sayı: 3494048
Özünün və ailəsinin illik xərclərinə sahib olmayan, onun və ailəsinin xərclərini təmin edəcək bir qazancı da olmayan şəxs fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyil.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) shafaqna-ya istinadla xəbər verir ki, shafaqna-ya istinadla xəbər verir ki Ayətullah Sistaninin fitrə zəkatı ilə bağlı bütün hökmlərini diqqətinizə çatdırırıq:

Fitrə zəkatı nədir?

Fitr bayramının axşamı günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir “sa`” təqribən 3 kiloqram öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqə verməli olduğu zəkatdır. Bunun əvəzinə pul verərsə kifayətdir. Ehtiyat-lazım budur ki, öz şəhərində adi olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa verməsin.

Özünün və ailəsinin illik xərclərinə sahib olmayan, onun və ailəsinin xərclərini təmin edəcək bir qazancı da olmayan şəxs fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyil.

İnsan fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun və ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin.

Başqa şəhərdə olub çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa, özünün onun fitrəsini verməsi lazım deyil.

Fitr bayramı gecəsi gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olur.

Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən vacibdir. Əks təqdirdə vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin çörəyini yeyən hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.

Fitr bayramı axşamı, gün batdığı vaxt, dəli olan şəxsin dəliliyi bayram gününün zöhrünə qədər qalarsa, ona fitrə zəkatı vermək vacib deyildir. Əks təqdirdə ehtiyat-vacibə əsasən fitrəni verməsi lazımdır.

Əgər gün batmazdan əvvəl, uşaq həddi-büluğa çatarsa, dəli ağıllanarsa və ya fəqir dövlətli olarsa, fitrənin vacib olma şərtlərinə malik olduğu təqdirdə gərək fitrə zəkatı versin.

Fitr bayaramı axşamı gün batdığı vaxt fitrə zəkatı vacib olmayan şəxs bayram gününün zöhrünə qədər, fitrənin vacib olma şərtləri onda mövcud olsa, ehtiyat-vacib budur ki, fitrə zəkatını versin.

Fitr bayramı gecəsi, gün batandan sonra müsəlman olmuş kafirə fitrə vacib deyil, amma şiə olmayan müsəlman Ayı gördükdən sonra şiə olsa, gərək fitrə zəkatını versin.

Fəqət bir sa (təqribən 3 kq) buğda və bu kimi şeylərə malik olan şəxsə müstəhəbdir ki, fitrə zəkatı versin. Ailəsi olub onların da fitrə zəkatını vermək istəsə, o bir sa`nı fitrə niyyəti ilə ailə üzvlərindən birinə verər, o da bu niyyətlə bir başqasına verib, bu qayda ilə ailəsinin axırıncı üzvünə qədər dolandırar. Axırıncı şəxsin də aldığı şeyi özlərindən olmayan bir başqasına verməsi daha yaxşıdır. Əgər onlardan biri dəli, yaxud səğir uşaq olarsa, uşağın vəlisi onun yerinə ala bilər. Amma ehtiyat-müstəhəb budur ki, onun niyyətinə deyil, özü üçün götürsün.

Fitr bayramı gecəsi gün batandan sonra bir şəxs uşaq sahibi olarsa, onun fitrə zəkatını vermək vacib deyil. Əgər gün batandan əvvəl uşağı doğulsa, yaxud izdivac etsə və onun çörək yeyəni sayılsa, gərək onların da fitrəsini versin. Əgər başqasının çörək yeyəni olsalar, ona vacib deyil. Əgər başqa bir kəsin çörək yeyəni deyillərsə, qadının fitrəsi onun özünə vacibdir, uşağa isə bir şey vacib deyil.

Əgər insan birinin çörək yeyəni olub gün batmazdan əvvəl başqasının çörək yeyəni olsa, onun fitrəsi sonrakı şəxsə vacibdir. Məsələn, əgər qız gün batmazdan əvvəl ər evinə getsə, gərək əri onun fitrəsini versin.

Fitrəsinin başqası tərəfindən verilməsi lazım olan şəxsin öz fitrəsini verməsi vacib deyil. Amma o fitrəni verməsə və ya verə bilməsə, ehtiyat-vacibə görə onun özünə vacib olur. Əgər 1951-ci məsələdə deyilən şərtlərə malik olsa, gərək öz fitrəsini versin.

Fitrəsi başqasına vacib olan şəxs öz fitrəsini versə, onun fitrəsi başqasına vacib olan şəxsin boynundan saqit olmur.

Seyid olmayan şəxs seyidə fitrə verə bilməz. Hətta əgər bir seyid onun çörək yeyəni olsa, onun fitrəsini başqa seyidə verə bilməz.

Ana və ya dayədən süd əmən uşağın fitrəsi, ana, yaxud dayənin xərclərini verən şəxsə aiddir. Lakin əgər ana və ya dayə öz xərclərini uşağın malından götürsələr, uşağın fitrəsi heç kəsə vacib deyil.

İnsan ailəsinin xərclərini haram maldan versə də, gərək onların fitrəsini halal maldan versin.

Əgər insan bənna, xərrat və xidmətçi kimi əcir tutduğu şəxsin, onun çörəyini yeyən hesab olunacaq şəkildə xərclərini verərsə, gərək onun fitrəsini də versin. Amma, fəqət onun işinin ücrətini verərsə, onun fitrəsini vermək ona vacib deyildir.

Əgər bir şəxs Fitr bayramı gecəsi gün batmazdan əvvəl ölərsə, onun və ailə üzvlərinin fitrəsini onun malından vermələri vacib deyildir. Əgər gün batandan sonra ölərsə, üləmanın çoxu buyurmuşlar ki, gərək onun və ailə üzvlərinin fitrəsini onun malından versinlər. Amma bu hökm işkalsız deyil. Ehtiyatın tələbi gərək tərk edilməsin.

Fitrə zəkatının istifadəsi

Fitrə zəkatı ehtiyat-vacibə əsasən yalnız fəqirə verilməlidir. Məqsəd budur ki, fitrə zəkatı mal zəkatına müstəhəq olanların şərtlərini özündə cəm edən [Əhlibeyt tərəfdarları olan]şiə fəqirlərə verilməlidir. Əgər onun şəhərində şiə fəqir yoxdursa, başqa müsəlmanların fəqirlərinə də verə bilər. Amma hər təqdirdə gərək nasibiyə (Əhli-beytlə düşmənlik edənə) verilməsin.

Əgər bir şiə uşağı fəqir olsa, insan fitrəni ona xərcləyə və ya uşağın vəlisinə verməklə uşağın mülkü edə bilər.

Fitrə verilən fəqirin adil olması lazım deyil. Lakin ehtiyat-vacibə əsasən şərab içən, namaz qılmayan və aşkarda günah edənə fitrə verilməsin.

Fitrəni günah işlərdə xərcləyən şəxsə gərək fitrə verilməsin.
Məsələ 1975: Ehtiyat-müstəhəb budur ki, bir fəqirə bir sa`dan (təqribən 3 kq) az fitrə verilməsin, cəm olan fəqirlərə çatmasa, bu hal istisnadır. Amma çox verilsə, eybi yoxdur.

Qiyməti adi qiymətdən iki dəfə artıq olan maldan, məsələn, adi buğda qiymətindən iki dəfə artıq olan buğdadan yarım sa` versə, kifayət deyildir. Hətta əgər onu fitrə qiyməti məqsədi ilə də versə, kifayət deyil.

İnsan yarım sa`nı bir cinsdən, məsələn, buğdadan və onun başqa yarısını isə arpadan verə bilməz, əgər onu fitrə qiyməti məqsədilə də versə, kifayət deyildir.
Məsələ 1978: Fitrə zəkatını verdikdə öz fəqir qohumlarını və qonşularını başqalarından üstün tutmaq müstəhəbdir. Elm, din və fəzilət əhli olan fəqirləri başqalarından üstün tutmaq daha yaxşıdır.

Əgər insan birinin fəqir olmasını xəyal edib ona fitrə versə, sonra fəqir olmadığını başa düşsə, belə ki, ona verdiyi mal aradan getməmiş olsa, gərək geri alıb müstəhəqə versin, əgər ala bilməsə, öz malından fitrənin əvəzini verməlidir. Əgər verdiyi şey aradan getmişdirsə, fitrəni alan şəxs aldığı şeyin fitrə olduğunu bilirdisə, onun əvəzini verməsi lazımdır. Əgər bilmirdisə onun əvəzini vermək ona (fəqirə) vacib deyil və insan gərək fitrəni yenidən versin.

Bir şəxsin «mən fəqirəm» deməsi ilə ona fitrə vermək olmaz. Amma onun sözündən insana xatircəmlik hasil olarsa və ya əvvəllər onun fəqir olduğunu bilirdisə, ona fitrə verilə bilər.

Fitrə zəkatının müxtəlif məsələləri

İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yəni Allah-taalanın əmrini yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini etsin.

Əgər Ramazan ayından əvvəl fitrə versə, səhih deyil. Ramazan ayında da fitrəni verməsi yaxşıdır. Lakin əgər Ramazandan əvvəl bir fəqirə borc versə və ondan sonra fitrə ona vacib olsa, öz borcunu fitrə əvəzi hesab etsə, maneəsi yoxdur.

Fitrə üçün verdiyi buğda və ya başqa mal digər bir malla, yaxud torpaqla qarışıq olmamalıdır. Əgər qarışıbsa, onun safı bir sa` olsa və ayırmadan istifadəsi mümkün olsa və ya ayırmaq fövqəladə artıq bir zəhmət istəməzsə, yaxud da qarışıq olan mal etina edilməyəcək qədər az olarsa, eybi yoxdur.

Əgər fitrəni eybli bir şeydən versə, ehtiyat-vacibə əsasən kifayət deyil.

Bir neçə nəfərin fitrəsini verən adamın hamısının bir maldan verməsi lazım deyil. Məsələn, bəzisinin fitrəsini buğdadan və bəzisinin fitrəsini arpadan versə kifayətdir.

Fitr bayramı namazını qılan, ehtiyat-vacibə əsasən bayram namazından əvvəl fitrəni verməlidir. Lakin bayram namazı qılmasa, fitrəni zöhrə qədər gecikdirə bilər.

Əgər fitrə niyyəti ilə malından bir miqdarını kənara qoyub bayram günü zöhrə qədər müstəhəqə verməsə, onu verdiyi vaxt fitrə niyyəti etsin. Əgər təxirə salmaq ağıllı bir məqsəd üçün olsa eybi yoxdur.

Əgər bayram günü zöhrə qədər fitrəni verməsə və kənara da qoymasa, ehtiyat-vacibə əsasən sonradan əda və qəza niyyəti etmədən fitrəni versin.

Əgər fitrəni ayırıb kənara qoysa, onu özü üçün götürə bilməz və başqa malı fitrə üçün onun yerinə qoya bilməz.

İnsanın fitrəsinin qiymətindən artıq olan bir malı olsa, fitrə verməyib bu malın bir qisminin fitrə üçün olmasını niyyət edərsə, ehtiyat-vacibə görə kifayət deyil.

Əgər fitrə üçün ayırıb qoyduğu malı aradan getsə, belə ki, fəqir tapdığı halda fitrəni gecikdiribsə və ya qorumaqda səhlənkarlıq edibsə, gərək əvəzini versin. Əgər fəqirə əli çatmayıbsa və ya qorumaqda səhlənkarlıq etməyibsə zamin deyil.

Əgər öz yerində müstəhəq tapsa, ehtiyat-vacib budur ki, fitrəni başqa yerə aparmasın, başqa yerə aparıb müstəhəqə versə kifayətdir. Əgər başqa yerə aparsa və tələf olsa, gərək onun əvəzini versin.

Qeyd edək ki, Ayətullah Sistaninin ofisi bu il üçün fitrə zəkatı olaraq hər adam üçün 3 kq unun və yaxud (imkan dərəcəsinə görə) 3 kq düyünün pulunu verə bilərlər.

Onu da qeyd edək ki, marketlərdə unun 1 kq qiyməti 85-90 qəpikdən (1 manat və yuxarıda var) düyünün 1 kq qiyməti 3 manatdan başlayır. Belə olan halda un ilə fitrə zəkatı vermək istəyənlər ən azı adam başı 2 manat 60 qəpik (minimum), düyü ilə fitrə zəkatı vermək istəyənlər adam başı 9-10 manatdan verməlidir.

captcha