IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 49

Quranda İslam Peyğəmbərinin (s) ailəsi

9:35 - October 01, 2023
Xəbər sayı: 3494810
TEHRAN (IQNA) – “Əhli-beyt” Peyğəmbərlər ailəsi üçün işlədilən termindir. Bu ifadə Qurani-Kərimdə üç dəfə Həzrət Musa (ə), Həzrət İbrahim (ə) və Həzrət Məhəmmədin (s) ailələri üçün işlədilir.

Qurani-Kərimdə bir sıra ilahi peyğəmbərlərin adı çəkilir. Bu hekayətlərin bəzilərində Peyğəmbərin adından başqa onların qohumları və ailə üzvləri də qeyd olunur. Onlardan bəzilərinin adı Quranda zikr olunub, bəzilərinin isə ancaq adı çəkilib, tarix və təfsir kitablarında adları qeyd olunub.

Eyni sözləri İslam Peyğəmbəri (s) və onun qohumları haqqında da demək olar. Qurani-Kərimdə Peyğəmbərin (s) qohumlarının adları birbaşa qeyd olunmasa da, təfsirçilərin fikrincə, bəzi ayələrdə onun ailəsi və qohumlarına işarə edilir. Dini mətnlərdə qeyd olunan qohumlar “Əhli-beyt” kimi tanınır.

İslam Peyğəmbərinin (s) sözlərinə görə, Əhli-beyt 5 nəfərdir: Həzrət Muhəmməd (s), Əbu Talibin oğlu Əli (ə), Peyğəmbərin qızı Fatimə (s), onların övladları Həsən (ə) və Hüseyn (ə). Qurani-Kərimin bəzi ayələri bu qrupa işarə edir.

Qurani-Kərimdə “Əhli-beyt” ifadəsi üç dəfə qeyd edilmişdir; Həzrət Musanın (ə) ailəsindən bəhs edən “Qəsəs” surəsinin 12-ci ayəsində. Həmçinin Həzrət İbrahimin (ə) ailəsindən bəhs edən "Hud" surəsinin 73-cü ayəsində. Amma “Əhzab” surəsinin 33-cü ayəsində buyurulur: “Həqiqətən, Allah siz Əhli-beytdən çirkinliyi aradan qaldırmaq və sizi tamamilə pak və gözəl etmək istəyir”.

Bu ayədə “Əhli-beyt” ifadəsi Peyğəmbərin ailəsinə aiddir; Ayə "Təthir" ayəsi kimi tanınır. Bu ayə nazil olduqdan sonra İslam Peyğəmbəri (s) libasını özünün və daha dörd nəfərin (Əli, Fatimə, Həsən və Hüseyn) üzərinə atıb dedi: "İlahi! Bunlar mənim Əhli-Beytimdir; Rəbbim! Onlardan çirkinlikləri çıxart".

Qeyd edilə bilən digər ayə isə “Mübahələ ayəsi”dir. Bu ayədə buyurulur: "(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!" (Ali-İmran, 61).

Təfsirçilər bu ayənin Əhli-beytə və Peyğəmbərin (s) övladlarına aid olması barədə eyni fikirdədirlər.

Başqa bir ayədə də İslam Peyğəmbərinin (s) ailəsinə işarə edilir: “De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm” (Şura, 23).

Hədislərdə qeyd olunur ki, İslam Peyğəmbərindən (s) soruşulur: “Qohumlar” kimdir? Cavab verdi: “Onlar Əli, Fatimə və iki övladıdır (Həsən və Hüseyndir).

captcha