IQNA

QMİ sədri: "Ramazan ayının ilk günü 2 aprelə təsadüf edəcək"

22:17 - March 30, 2022
Xəbər sayı: 3491984
Allahşükür Paşazadə deyib ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcək.

“Biz mübarək Ramazan ayı ərəfəsindəyik. Aləmlərə rəhmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirəm”.

APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, builki Ramazan artıq ölkəmizin və xalqımızın taleyinə zəfər abu-havasında daxil olur:

“Ramazan ayı böyük ümidlər və iman kamilliyi üçün özəl imkanlar yaradan aydır. Orucluğun həm ictimai baxımdan, həm də insanın ruhu və cismi üçün olduqca böyük əhəmiyyəti vardır. Belə ki, orucluq ictimai yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Mübarək Ramazan günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək hər birimizin borcudur. Qəhrəman şəhidlərimizin mübarək ruhlarının anılması, ailələrinə himayə və ehtiram, qazilərin diqqət və qayğı ilə əhatə olunması Ramazanda nümunəvi mənəvi örnəklərdəndir”.

QMİ sədri deyib ki, Ramazan ayı boyunca din xadimlərimiz məscidlərdəki moizələrində bu mübarək ayda nazil olmuş Qurani-Kərimdə, Peyğəmbər Mühəmməd Salavatullahın hədislərində əksini tapan ilahi hikmət və fəzilətləri insanlara ən gözəl, üstün şəkildə çatdırmaqla yanaşı, Vətən müharibəsi qəhrəmanlarının – rəşadətli Ordumuzun, şəhid və qazilərimizin milli Zəfərimizin qazanılmasında şücaətlərini, ələlxüsus, müzəffər sərkərdə - dövlət başçımızın müdrik qalibiyyət siyasətinin, misilsiz quruculuq səylərinin ali dəyərini insanlara aşılamalı, təlqin etməlidirlər:

“Azərbaycanın yerləşdiyi coğrafi məkan, üfüq xətti, en dairəsinə uyğun gələn elmi cəhətdən əsaslandırılmış təqvimə malik olmağımız milli və mənəvi vəhdətimizi təmin etmək məramına xidmət etməklə yanaşı, ölkəmizin müstəqilliyini ifadə edən dəyərlərdəndir. Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 2 aprel 2022-ci ilə təsadüf edəcək. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası orucluğun qaydaları, əməlləri, özündə əks etdirən Ramazan fətvası hazırlayıb. Bundan əlavə, QMİ-nin Fətva şöbəsi oruc ibadətinin vacibatları, özəl məqamları barədə ətraflı moizə hazırlayıb məscidlərimizin imamlarına yollayacaqdır ki, oruc tutan insanları maraqlandıran bütün suallara dair maarifləndirmə işi aparsınlar”.

Allahşükür Paşazadə deyib ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcək.

APA

captcha